Narahat bir dünyada istirahət

Narahat bir dünyada istirahət

Xülasə

Stres və həddindən artıq işləmək bir çox insanların vaxtından əvvəl həyatına son qoyur. Lakin yaradılış zamanı Allah stres problemi üçün bir müalicə təyin etdi: istirahət günü. Bu müqəddəs gün insanların işlərindən dincəlməsi və Allahla vaxt keçirməsi üçün xeyir-dua kimi nəzərdə tutulmuşdur. Təəssüf ki, Allah insanlara bunu xatırlamağı əmr etsə də, əksəriyyəti bu xüsusi günü, hətta bir çoxları onu bəxş edən Yaradanın Özünü belə unudublar.

Yüklə

Mita Duran öldü. Həyat eşqiylə dolu, 24 yaşlı indoneziyalı mətn yazarı iş masasında yıxılıb qaldı. Axı nə baş vermişdi?

Mita bir reklam agentliyində işləyirdi. Burada ondan çox şey gözləyirdilər və üzərinə düşən iş yükü ağır idi. Ölümündən bir qədər əvvəl yorğunluğu ilə bağlı sosial mediada şərh yazmışdı: “Bu gecə səkkizinci gecədir ki, ofisin açarlarını özümlə aparıram... Mənim həyatım yoxdur”.

“Red Bull”un Asiya versiyası olan kofeinli “Krating Daeng” içkisinə çox güvənmişdi. Son onlayn şərhində yazmışdı: “30 saatdır işləyirəm və hələ də davam”. Sonra iş masasına yıxıldı və bir daha oyanmadı. 

Nə baş verdi? Mita həddindən artıq işləməkdən öldü.

Bu gün çoxumuzun iş qrafiki gərgindir. Cəmiyyət bizi daha çox işləməyə, daha çox qazanmağa və daha çox almağa vadar edir. Stres, yuxusuzluq və zehni yorğunluqdan əziyyət çəkirik. 

Bəlkə Mita Duran kimi özümüzü öldürmürük, amma həyat üzərimizdə ağır yükə çevrilə bilər. Allahın bizim üçün nəzərdə tutduğu budur? O, Sülh Bəxş Edəndir. İfrat dərəcədə işləyəndə sülh və rahatlıq hiss edirik? Əlbəttə ki, xeyr!

Yorğunluqdan əldən düşürüksə, deməli, Allahın xatırlamağımızı istədiyi bir şeyi unuduruq. Gəlin Onun dincəlməklə bağlı dediklərini araşdıraq. 

“Fasilə” düyməsinə basmaq

Allah Rəhmli və Mərhəmətlidir. O hər hansı bir cib telefonu və ya notbuk kimi, insanların da fiziki, əqli və ruhani enerji ilə yenidən dolmağa ehtiyacı olduğunu bilirdi. Məhz bu səbəbdən Musa peyğəmbər Allahın əmrini qeydə almışdı:

Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün heç bir iş görmə (Müqəddəs Kitabın Tövrat kimi də tanınan birinci hissəsindən: Çıxış 20:8-10).

Allahın dəyişməz qanunu bizə yeddinci günü yadda saxlamağı deyir. Dünyadakı bir çox dillərdə istirahətə həsr olunmuş bu gün “Şənbə” adlanır. Allah niyə bizə bu günü yadda saxlamağı əmr edib? Çünki O, unutqanlığın Adəmdən başlayaraq bütün bəşəriyyət üçün davam edən bir problem olduğunu bilir. Allahın əmrlərini unutmamalıyıq, çünki yalnız Onu və əmrlərini xatırladığımız müddət boyunca doğru yolla gedəcəyik.

Bəs Şənbə niyə xüsusi bir gündür? Allah bizə deyir,

Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı (Çıxış 20:11).

Şənbə Allahın Yaradan olduğunu yadımıza salan mühüm bir xatırlatmadır. Bəzi adamlar buna etiraz edirlər, çünki Allah yorulmur, ona görə də yeddinci gün istirahət etməyə ehtiyacı yoxdur. Amma Allahın istirahəti yorulub
əldən düşdüyü üçün deyildi; O, yaradıcılıq işinə fasilə verdi ki, bizim üçün istirahət edə biləcəyimiz müqəddəs bir zaman yarada bilsin.

Allah istirahət gününün bəşəriyyətin xeyrinə olduğunu görürdü. O, yeddinci günü Şənbə etdi, bunun mənası isə fasilə və ya tənəffüsdür. Beləliklə, hər həftənin yeddinci günü “fasilə” düyməsinə basmaq üçün ayrılmış xüsusi gündür. Allahı xatırlamaq və Ona ibadət etmək üçün bütün gün boyunca işlərimizdən və qeyri-müqəddəs fəaliyyətlərdən istirahət etməliyik. 

Müdiriniz və ya müəlliminiz sizə istirahət üçün daha çox vaxt ayırmağınızı tapşırsaydı, əla olmazdımı? Halbuki, Allahın əmr etdiyi budur! Allaha həmd olsun! O, həqiqətən, rəhmlidir!

Allahın Gününün Müqəddəs saxlanılması

Şənbə günü dünyadakı bütün insanlar üçün universal müqəddəs gündür. Yəhudilər, Xristianlar, Müsəlmanlar, Buddistlər və ya Hindular mövcud olmamışdan çox-çox əvvəl tək bir həqiqi yaradan Allaha inanan təkallahlı imanlılar Şənbəni qoruyurdular. Əslində dünya yarananda bu gün bütün bəşəriyyətə verilmişdi. Adəm və Həvva Şənbəni qoruyurdular və Allah yadda saxlamağımızı əmr etdiyi şeyləri unutmağa heç vaxt icazə verməyib. 

Təəssüf ki, Şənbə tez-tez unudulur. Peyğəmbərlər qədim Yəhudiləri xəbərdar edirdilər ki, Şənbəni unutduqları təqdirdə Allah onları bəlaya düçar edəcək. Onlar bu xəbərdarlığa məhəl qoymadılar, buna görə Yerusəlim dağıdıldı, ailələri isə əsir götürüldülər. Xristianlar da Şənbəni unudaraq, Allahın əmrlərinə qarşı çıxıb müqəddəs günü Bazar günü ilə əvəz etdilər. Müsəlmanlar Cümə günü ibadət edirlər, amma unudublar ki, Yaradana tam itaətkarlıqda yaşamaq üçün yeddinci günü istirahət etməliyik. 

Niyə elə gəlir ki, bütün dünyamız bu mühüm günü unudur? Bu geniş yayılmış unutqanlığın daha pis bir səbəbi varmı?

İsa Məsih bizə dünya miqyasında gələcək bir güclə bağlı xəbərdarlıq verir. Şeytan düşüncələrimizi Yaradanımızdan uzaqlaşdırmaq üçün bu gücdən istifadə edəcək. Milyonlarla insan aldadılıb yalançı şənbə günü ibadət edəcək. Şeytan ümid edir ki, bizə Yaradanın gününü unutdura bilsə, Yaradanın Özünü də unutdura bilər. Bununla belə, həqiqi Şənbə gününə riayət edəndə Yaradanımıza sədaqətimizi göstəririk və istirahət, rahatlıq və sülh hədiyyəsindən zövq alırıq.

Allahın istirahətinə daxil olmaq

Musa Peyğəmbər yazırdı ki, “Allah yeddinci günə bərəkət verdi” (Yaradılış 2:3). Yorulub əldən düşmüsünüz? Şənbə günündə bol bərəkət var! 

İndoneziyalı mətn yazarı Mita Duran ifrat dərəcədə işləməkdən öldü — amma siz ölməyə məcbur deyilsiniz. Allah sizi hər həftə bütün işlərinizdən istirahət etməyə və Şənbə gününün bərəkətlərini təcrübədən keçirməyə dəvət edir. 

Allahın bizə istirahəti, sülhü və şəfanı necə verdiyi haqqında daha çox öyrənmək istəyirsinizsə, bu məqalənin arxa üzündəki məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlayın.

Copyright @ 2023 by Sharing Hope Publications. Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.
Müqəddəs Yazılar Azərbaycan dilində Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) — ikinci nəşrdən götürülmüşdür. Müqəddəs Kitab © Müqəddəs Kitab Şirkəti 2012. Müəlliflik hüquqlarının hamısı qorunur.

Bülletenimizə abunə olun

Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

newsletter-cover