Möcüzəyə ehtiyacınız varmı?

Möcüzəyə ehtiyacınız varmı?

Xülasə

Allahın öz xalqına məhz ən çox ehtiyac duyduqları anda möcüzələr bəxş etməsi ilə bağlı uzun bir tarixi var. Müqəddəs Kitabda peyğəmbərliklərin yerinə yetirilməsi, insanların şəfa alması və yalnız duaya cavab olaraq baş verən inanılmaz hadisələr haqqında çoxlu hekayələr var. Bu broşür Müqəddəs Kitaba nə üçün Allahın dəyişməz Kəlamı kimi inanmağımızın və öz möcüzəniz üçün Allaha necə yaxınlaşa biləcəyinizin bir neçə səbəbini təklif edir.

Yüklə

Ailə üzvlərindən ibarət çox böyük bir qəbilə daha yaxşı həyat ümidi ilə yaşayırdı və yeni bir məmləkətə köçmək qərarına gəldi. Lakin səyahət elə də asan deyildi; ucsuz-bucaqsız səhradan piyada keçməli idilər. Orada ilanlar, əqrəblər və yandırıb yaxan isti var idi. Qəbilənin xəstə və ya zəif üzvləri karvandan geriyə düşdükdə quldurların hücumuna məruz qalırdılar.

Tezliklə onların ərzağı tükəndi, lakin qəbilə başçısı Allaha möcüzə üçün fəryad etdi. Səhəri gün insanlar yuxudan oyananda hər tərəfə səpələnmiş çörəyə bənzəyən kiçik parçalar tapdılar. Ballı vafli kimi dadlı idi. Hamının aclığını yatırmağa yetəcək qədər var idi! Səhranı keçmək günlərlə sürdü və hər gün göylərdən çörək yağırdı. Allaha şükürlər olsun ki, onlar xilas oldular!

Bu hekayə təəccüblü görünə bilər, lakin həqiqətən baş verib. Bu, Tövrat, Zəbur və İncil kimi tanıdığınız Müqəddəs Kitabda yazılmış çox saylı möcüzələrdən biridir. Müqəddəs Kitabda yüzlərlə həqiqi hekayə var, onların əksəriyyəti Allahın insanların həyatında göstərdiyi möcüzələrdən bəhs edir. Bu, müasir dövrümüz üçün də vacib bir kitabdır, çünki bir çox insanın öz həyatında möcüzəyə ehtiyacı var.

Müasir zaman möcüzələri

Son illərdə vətəndaş müharibələrinin, inqilabların, iqtisadi çökmənin, işsizliyin, yoluxucu xəstəliklərin və ölümün şahidi olmuşuq. Hal-hazırda sizin vəziyyətinizin necə olduğunu bilmirəm. Bəlkə sizi evinizdən qovublar. Bəlkə sevdiyiniz bir insan ölümlə həyat arasındadır. Bəlkə iş tapmaqda çətinlik çəkirsiniz.

Vəziyyətiniz nə olursa olsun, Allah sizin qayğınıza qalır və keçmişdə olduğu kimi, bu gün də sizin üçün möcüzə yaratmaq istəyir. Kədərli olduğunuz zaman möcüzələr kitabı olan Müqəddəs Kitabı oxuyaraq ruhlana bilərsiniz.

Allahın bizim dövrümüz üçün sözləri

Bəzi adamlar Müqəddəs Kitabı oxumağa tərəddüd edirlər, çünki onun dəyişdirildiyini eşidiblər. Çox güman ki, bu yanlış təsəvvür Müqəddəs Kitaba əməl etdiklərini iddia edən adamların həyat tərzi ilə bağlıdır. Bəzən spirtli içki içən, qumar oynayan, ədəbsiz geyinən, donuz əti yeyən və insanlarla kobud rəftar edən məsihçilər görürük. 

Amma əslində Müqəddəs Kitabda bütün bu səhv əməllər pislənir. Məsihçilər Allaha itaətsizlikdə yaşadıqda, bu Onun əbədi Kəlamının etibarlılığını dəyişmir. Yeşaya peyğəmbər yazırdı: “Ot quruyar, çiçək solar, amma Allahımızın sözü əbədi qalar” (Yeşaya 40:8). Sizcə bəşər övladları Allahın Kəlamını dəyişdirmək iqtidarındadırlar, yoxsa pis davranışları ilə sadəcə onu təhrif etmələri ehtimalı daha çoxdur? 

Müqəddəs Kitab Davud peyğəmbərin və xalqının əhd sandığını — içərisində On Əmrin olduğu böyük qızıl sandığı — daşıdığı vaxtdan bəhs edir. On Əmr Allahın əxlaqlı həyat tərzi haqqında qanunları idi, iki daş lövhə üzərində yazılmışdı və qızıl sandığın içinə qoyulmuşdu. Yürüş zamanı bir nəfər əlini uzadıb sandığa toxunmağa cəsarət etdi və oradaca canını tapşırdı! 

Əgər Allah təkəbbürlü əllərin Onun Kəlamının olduğu müqəddəs sandığa toxunmasına icazə vermədisə, şər adamların Onun yazılı Kəlamına qayçı və düzəltmə qələmi ilə yaxınlaşmasına necə icazə verə bilər? Allah Öz Kəlamını qoruya biləcək qədər qüdrətlidir. 

Obyektiv danışsaq, Müqəddəs Kitab bəşər tarixində ən çox təsdiqlənmiş kitabdır. Bir müddət əvvəl Fələstində üç bədəvi çoban — Məhəmməd edh-Dhib, Cuma Məhəmməd və Xəlil Musa — təsadüfən Ölü Dəniz Tumarlarını kəşf etdilər. Bu bizə bugünkü Müqəddəs Kitabı təxminən 2000 il yaşı olan qədim Müqəddəs Kitab əlyazmaları ilə müqayisə etməyə imkan verən böyük arxeoloji tapıntı idi. İkisinin uyğunlaşması heyrətamiz oldu, yenə də Allahın vəhyinin dəyişdirilə bilməyəcəyinə işarə edirdi. Möcüzəyə ehtiyacınız varsa, Müqəddəs Kitabın onu axtarmaq üçün etibarlı yer olduğuna əmin ola bilərsiniz! Bu kitabda siz Nuh, İbrahim, Yusif, Yunus, Daniel, Davud və Süleyman kimi peyğəmbərlər haqqında heyrətamiz hekayələr tapa bilərsiniz. Bəlkə başqa yerlərdə onların haqqında kiçik fraqmentlər eşitmisiniz, lakin Müqəddəs Kitab bütün hekayəni nəql edir!

Gəlin öz möcüzənizi tapın

Yaşadığınız böhrandan asılı olmayaraq, Müqəddəs Kitabda məhz sizin üçün möcüzə hekayəsi var:

  • Özünüz və ya sevdiklərinizdən biri xəstədir? Cüzam xəstəsi olan Suriyalı Naamanın möcüzəvi şəkildə sağalması haqqında oxuyun. 

  • Ailənizi dolandırmaqda çətinlik çəkirsiniz? Uzun müddətli aclıq dövründə heç vaxt tükənməyən kiçik bir qab yağ və bir ovuc unla sağ qalan Livanlı dul qadın və oğlu haqqında oxuyun. 

  • Həyatınız təhlükədədir? Allaha imanına görə müharibə vaxtı sağ qalan padşah sarayındakı Kuşlu kölə Eved-Melek haqqında oxuyun. 

  • Özünüzü rədd edilmiş kimi hiss edirsiniz? Rədd edildiyi zaman Allahın möcüzələrini görən Misirli Həcər haqqında oxuyun. 

  • Həyatın sıxıntıları içində boğulursunuz? İsa Məsihin şagirdlərini gəmi qəzasından xilas etmək üçün əlini uzadıb güclü tufanı sakitləşdirməsi haqqında oxuyun.

Möcüzəvi cavablar

Müqəddəs Kitabı oxuduqca müsbət ümidlərlə dua etmək üçün inamla doluruq. İsa Məsih deyirdi: “İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız” (Matta 21:22). Rəbbdən möcüzələr almış başqa insanların hekayələrini oxuyarkən qəlblərimiz xahişlərimizi göylərə ucaltmaq ümidi ilə vəcdə gəlir.

Möcüzəyə ehtiyacınız varmı? Müqəddəs Kitabın möcüzələri ilə ruhlanın və özünüz üçün Allahdan bir möcüzə istəyin. O bu gün hökmən sizin duanızı eşidəcək!

Müqəddəs Kitabın möcüzələri haqqında daha çox öyrənmək istəyirsinizsə, bu məqalənin arxa üzündəki məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlayın.

Copyright @ 2023 by Sharing Hope Publications. Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.
Müqəddəs Yazılar Azərbaycan dilində Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) — ikinci nəşrdən götürülmüşdür. Müqəddəs Kitab © Müqəddəs Kitab Şirkəti 2012. Müəlliflik hüquqlarının hamısı qorunur.

Bülletenimizə abunə olun

Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

newsletter-cover