Mərhəmət həsrəti

Mərhəmət həsrəti

Xülasə

Allahın mərhəməti necə görünür? O, sadəcə olaraq, “Mən səni bağışladım” deyir, yoxsa bizim rüsvayçı günahlarımızı təmizləməyə əvəzedici verir? Bu broşür əvəzedici qurbanın mənasını və ona olan ehtiyacı anlamağa kömək etmək üçün yerli reallığa uyğunlaşdırılmış hekayəni bölüşür. Oxucular günahlarının bağışlanacağını və ayıblarının aradan qaldırılacağını biləndə ümid tapacaqlar.

Növ

Tract

Naşir

Sharing Hope Publications

Mövcuddur

36 Dil

Səhifə

6

Yüklə

Qurban bayramında Fatimə tək idi və bu tənhalıq ona dözülməz dərəcədə ağır gəlirdi. Tənhalığının təqsirinin hamısı özündə idi, elə deyilmi? 

Fatimə Əhmədlə ailə qurmaq üçün atası ilə necə şiddətli mübahisə etdiyini xatırladı. O, gənc və aşiq idi. Atası necə “yox” deyə bilərdi? Əhmədlə evlənmək üçün evdən qaçanda atası demişdi ki, bir daha geri qayıtmasın.

O, Əhmədə olan sevgisinə görə bu rüsvayçılığa dözə biləcəyini düşünürdü. Amma tezliklə atasının haqlı olduğunu etiraf etməli oldu. Əhməd onun aşiq olduğunu düşündüyü adam deyildi. Onu başqa bir qadına görə tərk edib getdi.

Fatimə özünə görə xəcalət çəkirdi. Onunla bağlı ədalətin yerinə yetdiyinə və rüsvayçılığının hesabını ödədiyinə inanırdı. O, ədaləti yaxşı başa düşürdü. Lakin onun qəlbi necə də mərhəmət həsrətində idi!

Rəhmli və Mərhəmətli

Doğrusunu desək, hamımız kobud səhvlər etmişik və müdrikliyin səsinə məhəl qoymamışıq. Hamımız başqalarını incitmişik. Başqaları bizi incidiblər. Cəmiyyətlərimiz səhv edən insanlardan ibarətdir. Bir-birimizi və özümüzü bağışlamaq necə də çətindir! 

Səhvlərimizə görə mərhəmət varmı?

“Bismillahir-Rəhmanir-Rəhim” — “Rəhmli və Mərhəmətli Allahın adı ilə” ifadəsini neçə dəfə təkrar etdiyinizi düşünün. Mərhəməti özəl edən nədir?

Ola bilsin ki, cəmiyyətlərimizin və öz ürəyimizin mərhəmətə çox ehtiyacı var.

Mərhəmət: Daha yaxşı yol

Bir neçə il bundan qabaq Abdulrəhman adında bir adam qonşusu Kərimlə mübahisə edib onu öldürür. Misirin bu kiçik kəndində həyat hər iki ailə üçün də dayanma həddinə gəldi. Kərimin ailəsi qisas almaq istəyirdi, Abdulrəhmanın ailəsi isə qorxu içində onu qorumağa çalışırdı. Abdulrəhman isə qisas dövrünün davam etməsini istəmirdi. O, kəndin böyüklərindən məsləhət istədi və onlar dəfn kəfəni mərasimini tövsiyə etdilər.

Abdulrəhman öz ağ dəfn kəfənini gətirdi və üstünə bıçaq qoydu. O, bazar meydanında, bütün kəndin gözləri önündə Kərimin ailəsinin qarşısına doğru addımladı. Abdulrəhman mərhumun qardaşı Həbibin qarşısında diz çökdü və kəfəni və bıçağı ona uzatdı. O, mərhəmət və barışıq dilədi.

Həbib bıçağı Abdulrəhmanın boynuna dayadı. Kəndin böyükləri quzu gətirdilər, Həbib isə qərar verməli idi: mərhəmət, yoxsa qisas? O, bıçağı Abdulrəhmanın boynuna dayadığı zaman bu hərəkətin mənası bu idi ki, “İndi mənim ixtiyarımdasan. Bütün gözlər bunu görür. Hamı bilir ki, mənim səni öldürməyə haqqım var və bunu etməyə gücüm çatar. Lakin mən mərhəməti və barışığı seçirəm. Qan davasına son qoyacağam”.

O, üzünü Abdulrəhmandan yana çevirdi və onun əvəzinə quzunu kəsdi. Ağrı, qəzəb və ədalətin güclü seli heyvanın üzərinə keçəndə Həbib Abdulrəhmanı qucaqladı. İki ailə arasındakı sülh bərpa edildi. 

Əgər insanlar ədalətlə mərhəməti birləşdirmənin yollarını tapa bilirlərsə, Allah da bunu edə bilər!

İsa Məsih: Allahdan gələn Mərhəmət

Allahın mərhəməti barəsində haradan öyrənə bilərik? Bu çox asandır. Yəqin, eşitmisiniz ki, İsa Məsih Allahın “Mərhəməti” adlandırılır. Bu o deməkdir ki, O, mərhəməti bütünlüklə təcəssüm etdirir. Onun Yolu — İncildəki təlimləri — bağışlama və barışıq yoludur. 

İsa Məsih belə gözəl bir rolu icra edə bilər, çünki O, Allah tərəfindən göndərilən tamamilə günahsız yeganə Şəxsdir. Hər bir peyğəmbərin və müqəddəs elçinin öz təqsirlərinə görə bağışlanmağa ehtiyacı var idi, lakin İsa Məsihin belə bir şeyə ehtiyacı yoxdur. O, Qiyamət Gününü gözləmək əvəzinə, birbaşa göylərə qaldırıldı, çünki heç vaxt heç bir səhvə yol verməmişdi — ən kiçik səhvə belə.

Məhz bu səbəbdən O, Allahdan gələn Mərhəmət adlandırılır. O bizə saf mərhəmətin nümunəsini göstərdi və Allahın mərhəmətini qəbul etməyin yolunu öyrətdi.

İsa Məsih mənə necə kömək edə bilər?

Belə yazılır ki, Vəftizçi Yəhya İsa Məsihi adamların arasında görəndə, Allahdan ilham alaraq nida etdi: “Dünyanın günahını aradan götürən Allah Quzusu budur!” (İncil, Yəhya 1:29). İsa Məsih Abdulrəhman üçün barışığa yol açan quzu kimidir. 

Əgər biz təqsirlərimizə görə cəzalandırılırıqsa, bu, ədalətdir. Lakin tamamilə günahsız olan İsa Məsih bizim təqsirlərimiz üçün cavabdehliyi könüllü surətdə öz üzərinə götürmüşdür. Heç kim ona bunu məcbur etməmişdir. O, ədalətin tələbini yerinə yetirmək üçün ölümü könüllü Öz üzərinə götürdü. O, yer üzərində yaşamış tamamilə günahsız yeganə insandır, buna baxmayaraq, O, izin verdi ki, Onunla Abdulrəhmanın hekayəsindəki quzu kimi davranılsın. Bu səbəbdən bizim üçün əzab-əziyyət çəkdikdən sonra Allah Onu göylərə qaldırdı. 

Bəlkə sizin də həyatınızda münaqişələr olur. Bəlkə siz də Fatimə kimisiniz, sevdikləriniz sizi tərk ediblər. Bəlkə sizi də kimsə incidib, ya da adınıza haqsız ləkə yaxıb. Bəlkə siz də Abdulrəhman kimi günahkarsınız və qisasdan qorxursunuz.

İsa Məsih sizə kömək edə bilər. Sadəcə belə bir qısa dua edə bilərsiniz:

Ya Rəbb, mən heç vaxt günahlarımın əvəzini ödəyə bilmərəm. Amma bilirəm ki, İsa Məsihi bizə Öz Mərhəmətin olaraq göndərmisən. Yalvarıram, Onun bütün bəşəriyyət üçün etdiyi bu yaxşılıq naminə məni bağışla. Mənə İsa Məsihin yolunu anlamağa kömək et ki, Sənin mərhəmətini həyatımda hiss edim. Amin.

Özünüz üçün İncil nüsxəsini əldə etmək istəyirsinizsə, məqalənin arxa üzündəki məlumatlardan istifadə edib bizimlə əlaqə saxlayın.

Copyright @ 2023 by Sharing Hope Publications. Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.
Müqəddəs Yazılar Azərbaycan dilində Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) — ikinci nəşrdən götürülmüşdür. Müqəddəs Kitab © Müqəddəs Kitab Şirkəti 2012. Müəlliflik hüquqlarının hamısı qorunur.

Bülletenimizə abunə olun

Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

newsletter-cover