
Şər ruhlardan qorunma
Xülasə
Şər ruhlar güclüdürlər, lakin İsa Məsih qədər güclü deyillər. Bu broşürdə İsa Məsihin əzab çəkən insanların içindən cinləri necə qovduğu və onlara şəfa tapmağa kömək etdiyi təsvir edilir. O, bu gün bizim üçün eyni şeyi edə bilər. Onun kitabı bizə cinlərin təqibindən və əziyyətlərdən azad olmaq üçün bilməli olduğumuz hər şeyi öyrədir. O həmçinin qayıtmazdan əvvəl ozünü Məsih kimi təqdim edən şeytani qüvvələr (Dəccal) tərəfindən aldanmaqdan necə qaça biləcəyimizi öyrədir.
Növ
Tract
Naşir
Sharing Hope Publications
Mövcuddur
35 Dil
Səhifə
6
Cinlər hər yerdədirlər. Onları ruhlar, xəyalətlər, əcinnələr və ya cinlər adlandırmağınızdan asılı olmayaraq, qorxulu ola bilərlər. Şamanlar, cadugərlər və ovsunçular çox məşhurdurlar, lakin bizi həqiqətən qoruya bilərlərmi?
Şər ruhlardan qorunmaq üçün üç sadə addımı sizinlə paylaşmaq istəyirəm ki, artıq qorxmayasınız.
Şər ruhlardan qorunma
Kişi çılpaq idi və qışqırırdı. Onu çox sayda cinlər əsir almışdılar və heç kim ona kömək edə bilmirdi. Kənddəkilər onu zəncirlərlə bağlamağa çalışmışdılar, lakin o, fövqəlbəşəri bir qüvvə ilə zəncirləri qırıb qaçmışdı ki, məzarların arasında təkbaşına yaşasın. Günlərini zavallı bir şəkildə ağlayaraq və özünü daşlarla yaralayaraq keçirirdi.
Bu, İsa Məsih adlı adam gələnə qədər belə davam etdi.
Adam o qədər əziyyət çəkirdi ki, kömək istəmək üçün ağzını açanda cinlər İsa Məsihə qışqırıb, onu tək buraxmasını istədilər. Lakin İsa getmədi. O nə baş verdiyini bilirdi. Heç bir şeydən qorxmayaraq, cinlərə adamı tərk etməyi əmr etdi.
“Bizi uçuruma göndərmə!” — cinlər yalvardı. Onlar yaxınlıqda otaran donuz sürüsünə girməyi xahiş etdilər. İsa onlara adamı tərk etməyi və natəmiz heyvanlara girməyi əmr etdi. Dərhal adamın ağlı başına gəldi, donuz sürüsünün hamısı isə uçurumdan dənizə atladılar.
Nəhayət, kişi azad idi. O, çox minnətdar idi! Amma tək hekayə bu deyil. İsa Məsih şər ruhlar üzərində böyük səlahiyyətə malik idi. Getdiyi hər yerdə cinə tutulmuş insanları xilas edirdi. Öz ardıcıllarına da iblis üzərində səlahiyyət vermişdi:
Baxın Mən sizə səlahiyyət vermişəm... düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb (İncil, Luka 10:19-20).
İsa Məsihin ardınca getdiyimiz zaman bu həyatda təhlükəsizlikdə ola və gələcək həyat üçün əminlik əldə edə bilərik! Gəlin şər ruhlardan azad olmanın üç addımına nəzər yetirək.
1-ci addım: İsa Məsihin adının gücünə iddia edin
Birinci addım İsa Məsihin adı ilə Allahın müdafiəsini istəməkdir. Özümüz özbaşımıza gücsüzük. Lakin İsa Məsihin adını həyatımızda elan etdikdə, şər ruhlar gücsüzləşir! İsa Öz ardıcılları barəsində belə deyirdi: «Mənim adımla cinləri qovacaqlar» (İncil, Mark 16:17).
İsa Məsihin səni azad edəcəyinə bütün ürəyinlə inanırsansa, O bunu edəcək! Sadəcə Allaha bu duanı edin: “Ya Rəbb, yalvarıram, Sənin göndərdiyin İsa Məsihin adı ilə məni şər ruhlardan xilas et!”
2-ci addım: Daxili və zahiri təmizliyə can atın
İsa Məsih öyrədirdi ki, biz iblisə heç bir dayaq yeri verməməliyik. O deyirdi: «Bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur» (İncil, Yəhya 14:30). Biz də həyatımızı bütün şər təsirlərdən təmizləməliyik.
İblisin «bizim üzərimizdə heç bir səlahiyyəti yoxdur» — nə deməkdir? O deməkdir ki, ürəklərimizdə və evlərimizdə ona məxsus olan heç bir şey yoxdur. Batil talismanları və uğur həmaillərini atmalıyıq. Pornoqrafiya, narkotik vasitələr və spirtli içkilər kimi günahlı əməllərdən əl çəkməliyik. Ölülərlə danışmaq və ya lənətləmək rituallarında iştirak etmişiksə, bu cür işləri dərhal dayandırmalıyıq. Beləliklə, zahiri mühitimizi iblisin təsirindən təmizləyirik. Sonra dua edib Allahdan bizi bağışlamasını və bizi daxildən təmizləməsini diləməliyik.
3-cü addım: Həyatınızı nurla doldurun
İsa Məsih sizi cinlərin əsarətindən xilas etdikdən sonra Onu həyatınızı idarə etməyə dəvət edin. Ürəyinizi boş qoymayın. İsa Məsih deyirdi,
Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-səhman içində görər. Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar (İncil, Matta 12:43-45).
Cinlərdən təmizləndikdən sonra həyatınızı İsanın kitabının, Müqəddəs Kitabın işığı ilə doldurun. İsa Məsih “dünyaya nur olub gəldi ki, Ona iman edən hər kəs qaranlıqda qalmasın” (İncil, Yəhya 12:46). Isanın kitabının bir nüsxəsini alın və hər gün oxuyun ki, Onun nuru qaranlığı qovsun.
Gələcək üçün təhlükəsizlik
Biz dövrün sonuna yaxın bir zamanda yaşayırıq və indi şər ruhlar hər zamankından daha fəaldırlar. İsa Məsih əvvəlcədən bildirmişdi ki, Onun gəlişindən əvvəl şər qüvvələr çoxlu yalançı möcüzələr göstərərək imanlıları aldatmağa cəhd edəcəklər. Bəzilərinə cinlər qorxulu ruhlar kimi görünəcəklər, başqalarına mələklərin və ya ölmüş qohumlarının cildinə girərək görünəcəklər. Hətta iblis özünü İsa Məsih kimi qələmə verəcək!
Amma bu yalanlara aldanmaq lazım deyil. İsa Məsihin ardınca gedirsinizsə, O sizə iblisə müqavimət göstərmək üçün güc verəcəkdir. Əziz dostum, bu gün mübarizəniz nə olursa olsun, qoy İsa Məsih sizi azad etsin!
Əgər İsa Məsihin bir ardıcılının sizin şər ruhlardan xilasının üçün dua etməsini istəyirsinizsə, bu məqalənin arxa üzündəki məlumatlardan istifadə edərək, bizimlə əlaqə saxlayın.
Copyright @ 2023 by Sharing Hope Publications. Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.Müqəddəs Yazılar Azərbaycan dilində Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) — ikinci nəşrdən götürülmüşdür. Müqəddəs Kitab © Müqəddəs Kitab Şirkəti 2012. Müəlliflik hüquqlarının hamısı qorunur.
Bülletenimizə abunə olun
Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

Seçilmiş nəşrlər
© 2024 Sharing Hope Publications